Paytaxtın Xətai rayonunda vətəndaşa qarşı xüsusi amansızlıqla hədə-qorxu gələn və külli miqdarda pul tələb edən cinayətkar qrup ifşa edilib. Hadisə rayonun Neapol küçəsində yerləşən kafelərin birində qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Postxronika.az-a verilən məlumata görə, Bakı şəhər sakini olan 42 yaşlı kişi polisə müraciət edərək bildirib ki, kafedə olduğu zaman iki nəfər ona qarşı zorakılıq edərək sağlamlığına zərər vurublar. Zərərçəkən qeyd edib ki, həmin şəxslər daha sonra onu naməlum ünvana apararaq 25.000 manat pul tələb ediblər. Pulu verməyəcəyi təqdirdə isə onu həyat və sağlamlığına təhlükə yaradacaq daha ağır zor tətbiq etməklə hədələyiblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bunlar 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvüdür.
Araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub. Digər dəstə üzvləri məhz həmin qadının təklifi və planı əsasında bu cinayət əməlini həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz əməlləri ərazidəki təhlükəsizlik kameraları tərəfindən də anbaan qeydə alınıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.