Paytaxtın Nizami və Nəsimi rayonlarında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən postxronika.az-a verilən məlumata görə, paytaxt ərazisində vətəndaşlara məxsus əmlakı talayan şəxslər saxlanılıb.
Belə ki, Nizami rayonunda vətəndaşlardan birinə məxsus avtomobildən naməlum şəraitdə 200 manat pul və mobil telefon oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Abdurahmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, sürücünün avtomobilin qapısını açıq saxlayaraq marketə getməsini kənardan müşahidə edib. Zərərçəkənin bir neçə dəqiqəlik nəzarətsizliyindən sui-istifadə edən şübhəli şəxs oğurluğu həyata keçirib.
Bundan başqa, Nəsimi rayonunda keçirilən tədbir nəticəsində ticarət mərkəzlərinin birindən oğurluq edən şəxs də ələ keçib. Zərərçəkənə məxsus, içərisində pul vəsaiti, bank kartları və şəxsi sənədləri olan çantanı oğurlamaqda şübhəli bilinən 31 yaşlı H.Quliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.