Avstriyalı rejissor Sebastian Brameşhuberin yeni filmi ''London'' Berlin Beynəlxalq Film Festivalının Panorama bölməsində dünya premyerasını edəcək. Film sənədli ilə bədii kino arasında qurulub və müasir Avropanın portretini təqdim edir.
Hadisələr Vyana–Zaltsburq magistralı boyunca daim yolda olan Bobbi'nin ətrafında cərəyan edir. Avtomobil paylaşımı xidməti vasitəsilə o, yanacağa qənaət etmək istəyən sərnişinləri maşınına götürür və yolboyu onlarla söhbət edir. Bobbi'nin qarşılaşdığı insanlar arasında məcburi hərbi xidmətlə üzləşən gənc, ailəsini ziyarət edən supermarket təcrübəçisi, magistral yolun tarixini araşdıran alim və evlənməyə hazırlaşan qadın da var.
Rejissorun sözlərinə görə, film tanımadığı insanların bu təsadüfi qarşılaşmalarına fokuslanır. Ssenarisiz dialoqlar vasitəsilə Bobbi öz həyatı, gəncliyi, yaşlanması və Zaltsburqda komada olan dostu haqqında danışır. Bu söhbətlər nəticəsində film “bugünkü Avropanın səssiz, lakin siyasi portreti”ni yaradır.
"London'' fevralın 16-da Panorama proqramı çərçivəsində nümayiş olunacaq. Filmin dünya satışlarını "Square'' Eyes şirkəti həyata keçirir.