İsrailin tətbiq etdiyi məhdud icazə çərçivəsində Rəfah keçid məntəqəsinin açılmasının dördüncü günündə cəmi 21 fələstinli Qəzzaya geri dönə bilib.
Postxronika.az xəbər verir ki, aylar sonra doğmaları ilə görüşmək istəyən çox sayda sakin saatlar öncədən Xan Yunusdakı Nasir Xəstəxanasının qarşısına toplaşıb. Avtobusun əraziyə çatması ilə yaxınlarına qovuşan kütlə böyük sevinc hissi və göz yaşları ilə bir-birinə sarılıb.
Xəstəxana mənbələri geri qayıdanlar arasında qadın və uşaqlarla yanaşı xaricdə müalicə alan şəxslərin də olduğunu bildirib. Eyni zamanda, ciddi məhdudiyyətlər altında davam edən təxliyə prosesi zamanı 7 xəstə və 14 müşayiətçi tibbi yardım üçün Misirə yola salınıb. İsrail mediası gündəlik 50 nəfərin girişinə icazə veriləcəyini qeyd etsə də, hələlik real rəqəmlər proqnozlaşdırılan saydan aşağı qalmaqdadır.