İranın xarici işlər naziri Abbas Araqçı Omanda ABŞ nümayəndə heyəti ilə keçirilən görüşlərin uğurlu keçdiyini bəyan edib.

Postxronika.az xəbər verir ki, nazir tərəflərin qarşılıqlı olaraq mövqelərini, maraqlarını və narahatlıqlarını bir-birinə çatdırdığını, müzakirələrin konstruktiv atmosferdə baş tutduğunu bildirib. Dialoqun davam etdirilməsi barədə ilkin razılığın əldə olunduğunu qeyd edən Araqçı, proses bu tempdə irəliləyərsə, tərəflərin ortaq çərçivə sənədinə nail ola biləcəyini vurğulayıb.

Buna baxmayaraq, nazir 2025-ci ildə danışıqlar fonunda baş verən hərbi hücumları xatırladaraq bölgədəki güvənsizlik probleminin aradan qaldırılmasının vacibliyinə diqqət çəkib. Hazırda nümayəndə heyətləri məsləhətləşmələr üçün öz paytaxtlarına geri dönüb və növbəti addımlar rəsmi Tehranın verəcəyi qərarlardan asılı olacaq. Yekun nəticənin əldə olunması həm də qarşı tərəfin nümayiş etdirəcəyi diplomatik iradədən birbaşa asılıdır.