Paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən kəsərli mübarizə tədbirləri davam etdirilir. Keçirilən növbəti əməliyyat zamanı satış məqsədilə külli miqdarda narkotik əldə edən şəxs ifşa olunub.
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Postxronika.az xəbər verir ki, tədbir nəticəsində əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.
Baxış zamanı ondan ümumi çəkisi 3 kiloqram 547 qram olan narkotik vasitə aşkar edilərək götürülüb. Aşkarlanan maddələrin 2 kiloqram 430 qramını marixuana, 1 kiloqram 117 qramını isə heroin təşkil edib. Saxlanılan R.Fərəcov ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə R.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.