Yaponiyada Baş nazir Sanae Takaiçinin elan etdiyi erkən parlament seçkiləri sərt hava şəraitində keçirilir.
Postxronika.az “BBC”yə istinadən xəbər verir ki, seçicilər qarlı havaya baxmayaraq sandıq, başına gedirlər.
Son 36 ildə ilk dəfə qışın ortasında keçirilən seçkilərdə hakim koalisiyanın qəti qələbə qazanacağı gözlənilir. Sorğular göstərir ki, S.Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) və "Yapon İnnovasiya Partiyası" koalisiyası Aşağı Palatadakı 465 yerdən 300-nü əldə edə bilər. Bu, korrupsiya qalmaqalları səbəbindən nüfuzunu itirmiş LDP üçün ciddi dönüş nöqtəsi sayılır.
Səsvermə günü ölkənin mərkəzi hissəsində, xüsusilə Niiqata prefekturasında və hətta Tokioda güclü qar müşahidə olunub. Nəqliyyat Nazirliyinin məlumatına görə, hava şəraiti ilə əlaqədar 37 qatar xəti, 58 bərə marşrutu dayandırılıb, 54 aviareys ləğv edilib. Bu səbəbdən erkən səsvermədə iştirak əvvəlki seçkilərlə müqayisədə 2.5% azalıb.
Yaponiyanın "Dəmir Ledi"si və "Sanae-maniya"
Marqaret Tetçer heyranı olan və Yaponiyanın "Dəmir Ledi"si olmağı hədəfləyən 64 yaşlı S.Takaiçi, sələflərindən fərqli olaraq yüksək reytinqə (70%+) malikdir. Mərhum Şinzo Abenin siyasi kursunu davam etdirən baş nazir, ənənəvi baxışlarına baxmayaraq, 18-30 yaş arası gənclər arasında xüsusilə populyardır.
Onun "X" platformasında 2.6 milyon izləyicisi var və kampaniya videosu qısa müddətdə 100 milyondan çox izlənilib. Ölkədə "Sanakatsu" (Sanae-maniya) dalğası yaranıb; baş nazirin istifadə etdiyi qara çanta mağazalarda tükənib, çəhrayı qələmi isə sosial mediada viral olub.