Rejissor Sem Reymi hesab edir ki, Reyçel MekAdams 2022-ci il ''Marvel'' filmi ''Doctor Strange in the Multiverse of Madness''də potensialına uyğun şəkildə rol almayıb. Reymi bu fikri, MakAdamsın Dilan O’Brayenlə birlikdə rol aldığı həyatda qalma trilleri ''Send Help'' barədə ''Total Film''ə verdiyi müsahibədə səsləndirib.


Onun sözlərinə görə, ''Doctor Strange''in davamı üzərində işləyərkən aktrisanın istedadını yaxından görüb və sonradan onunla yenidən əməkdaşlıq etməyi özünə söz verib. “O, son dərəcə parlaq aktrisadır. Əvvəlki filmimdə onun nə qədər istedadlı olduğunu gördüm, amma yetərincə istifadə olunmamışdı. Buna görə də onunla yenidən işləmək istədim,” – deyə Reymi bildirib.


MekAdams ''Multiverse of Madness'' filmində Stiven Strenc'in (Benedikt Kambərbeç) keçmiş sevgilisi, doktor Kristin Palmer obrazını canlandırıb. Reymi əlavə edib ki, ''Send Help'' filmində MekAdamsın “qaranlıq və amansız bir cani” rolunda çıxış etməsi tamaşaçılar üçün gözlənilməz təsir yaradır və onun indiyədək oynadığı rollardan kəskin şəkildə fərqlənir.


''The Hollywood Reporter'' isə filmə verdiyi rəydə aktrisanın bu rolda əvvəlki romantik və dramatik obrazlarından kənara çıxaraq, tamamilə yeni bir tərəfini nümayiş etdirdiyini vurğulayıb.