ABŞ-nin nüfuzlu respublikaçı senatoru Lindsi Qraham İran və Birləşmiş Ştatlar arasında imzalanması mümkün olan razılaşma ilə bağlı mövqeyini açıqlayıb. Senator tərəflər arasındakı danışıqların perspektivini dəyərləndirərkən vacib şərtlər irəli sürüb.


Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Qraham “X” sosial şəbəkəsindəki hesabında belə bir razılaşmanın həm ABŞ-nin milli təhlükəsizlik maraqlarına, həm də İran xalqının ehtiyaclarına cavab verə biləcəyini qeyd edib.
Bununla belə, siyasətçi vurğulayıb ki, rəsmi Tehranın əvvəlki razılaşmalara münasibəti nəzərə alındıqda, yeni sənədin Amerika daxilində geniş siyasi dəstək qazanması asan olmayacaq.
Senator məsələyə açıq yanaşdığını bildirsə də, İran İslam Respublikası ilə ABŞ arasında əldə olunacaq istənilən razılaşmanın hüquqi proseduru barədə qəti fikrinin olduğunu deyib. Onun sözlərinə görə, sənəd mütləq Konqresə təqdim edilməli, orada baxılmalı və səsverməyə çıxarılmalıdır.
Qeyd edək ki, Lindsi Qraham daha əvvəl İranda baş verən ümumxalq nümayişləri zamanı etirazçıları dəstəklədiyini xatırladıb.