Yüksək maaş, sərfəli şərtlər və sürətli sənədləşmə kimi cəlbedici vədlər əslində böyük bir tələ ola bilər. Son dövrlərdə sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında yayılan saxta elanlar vətəndaşları ciddi təhlükə ilə üz-üzə qoyur.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən yayılan məlumata görə, belə saxta elanlara inanaraq xarici ölkələrə gedən bəzi vətəndaşların sənədləri əllərindən alınır. Qeyd olunub ki, həmin şəxslər məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər.

Bu kimi hallardan sığortalanmaq üçün vətəndaşlara aşağıdakı addımları atmaq tövsiyə edilir:

“152“ Qaynar Xətti: Şübhəli onlayn təkliflər zamanı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə əlaqə saxlayaraq ödənişsiz və konfidensial məsləhət almaq;

Dəqiqləşdirmə: Gediləcək ölkədəki Azərbaycan diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini yoxlamaq;

Lisenziya tələbi: İş və ya təhsil təklif edən şirkətin (və ya fiziki şəxsin) fəaliyyət üçün xüsusi icazəsini tələb etmək;

Müqavilə: Bağlanacaq əmək müqaviləsinin surətini istəmək.

Vətəndaşlara ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmaq tövsiyə olunur. Şəxsiyyəti təsdiq edən sənədləri heç kimə etibar etməməli, yalnız rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərilməlidir. Hər hansı qanunazidd əməllə qarşılaşdıqda isə dərhal yerli polis orqanlarına və ya Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəliyinə müraciət edilməlidir.