Fevralın 10-dan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi, güclü külək əsəcəyi, fasilələrlə sulu qar və qar yağacağı proqnozlaşdırılır. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Postxronika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən edilən müraciətdə vətəndaşlar qeyri-sabit hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırılıb.

İdarə sürücülərə tövsiyə edir ki, küləkli havada avtomobillərini aşma, qopma və sürüşmə ehtimalı olan obyektlərin altında saxlamasınlar. Həmçinin, qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.

Qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən şinləri qış mövsümünə uyğun gəlməyən avtomobillərdən, xüsusilə dağlıq ərazilərdə istifadə etməmək xahiş olunur. Nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq və sürət həddini meteoroloji şəraitə uyğun seçmək vacibdir.

DYP piyadaların da diqqətinə çatdırır ki, əlverişsiz hava şəraiti onların hərəkətində çətinliklər yarada bilər. Təhlükəsizlik baxımından məsuliyyətli olmaq, özlərinin və digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan davranışlardan çəkinmək tövsiyə olunur.