Temza Vadisi Polisi, monarxiya əleyhinə olan "Respublika" qrupunun şikayəti əsasında Endryu Mountbatten-Windsorun Ceffri Epşteynlə məxfi materialları paylaşdığı iddiasını dəyərləndirir.

Postxronika.az xəbər verir ki, ABŞ hökumətinin yaydığı elektron poçtlara əsasən, keçmiş şahzadə ticarət elçisi olduğu dövrdə Epşteynə xarici səfərləri barədə gizli məlumatlar ötürüb. 2010-cu ilə aid yazışmalarda onun Sinqapur, Vyetnam və Çinə rəsmi vizitlərinin detallarını, həmçinin Əfqanıstanla bağlı investisiya imkanlarını qarşı tərəfə göndərdiyi görünür. Bütün bu əlaqələrin Epşteynin 2008-ci ildəki məhkumluğundan sonra baş verməsi vəziyyəti daha da gərginləşdirib. Qeyd edək ki, ticarət elçiləri əldə etdikləri kommersiya və siyasi bilgilərin məxfiliyini qorumağa borcludurlar. Hazırda hüquq-mühafizə orqanları daxil olan hesabatı müvafiq prosedurlar çərçivəsində təhlil edir.