ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Münhen Təhlükəsizlik Konfransının tənqidi hesabatına sərt reaksiya verib. O, Vaşinqtonun alyansı parçalamaq və ya mövcud dünya nizamını pozmaq niyyətində olduğu barədə iddiaları qətiyyətlə rədd edib.
Postxronika.az xəbər verir ki, diplomat əsas məqsədin ittifaqı zəiflətmək yox, əksinə, Avropa tərəfdaşlarını müdafiə xərclərini artırmağa təşviq etmək olduğunu bildirib. Səfir rəsmi Vaşinqtonun sadəcə yükün bərabər bölüşdürülməsinə çalışdığını və "ədalətsiz" ticarət razılaşmalarına etiraz etdiyini vurğulayıb. Uitaker həmçinin Avropada hərəkətdən çox müzakirələrin aparılmasından narazılığını ifadə edərək, müttəfiqlərdən konkret addımlar gözlədiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, təhlükəsizlik məsələsində hər bir üzv ölkə üzərinə düşən öhdəliyi tam yerinə yetirməlidir.