Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ahıl yaşlı şəxslərin etibarından sui-istifadə edərək onların təqaüd kartlarını talamaqda şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan postxronika.az-a verilən məlumata görə, saxlanılan şəxs əvvəllər də məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovdur. Araşdırmalarla müəyyən edilib ki, o, bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı vətəndaşların kartlarını götürüb, əvəzində isə onlara balansında vəsait olmayan başqa kartlar qaytarıb.
C. Hüseynov daha sonra ələ keçirdiyi real kartlardakı vəsaitləri nağdlaşdırıb. İstintaq zamanı məlum olub ki, o, bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manat vəsaitini ələ keçirib.
Hazırda aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.