Norveç hakimiyyəti iki yüksək rütbəli diplomatı mərhum milyarder Ceffri Epşteynlə şübhəli maliyyə əlaqələri səbəbindən istintaqa cəlb edib.

Postxronika.az xəbər verir ki, ölkənin iqtisadi cinayətlər üzrə qurumu (Økokrim) İordaniya və İraqdakı səfir vəzifəsindən istefa verən Mona Juulu və onun həyat yoldaşı Terje Rød-Larsen-i korrupsiya ittihamı ilə araşdırır.

ABŞ Ədliyyə Nazirliyinin sənədlərində cütlüyün övladlarına Epşteyn tərəfindən 10 milyon dollar vəsiyyət edildiyi və ailənin 2011-ci ildə cinsi cinayətkarın şəxsi adasında istirahət etdiyi üzə çıxıb.

Hüquq-mühafizə orqanları xüsusilə sabiq xanım səfirin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etməsi ehtimalını yoxlayır.

Hər iki şübhəlinin vəkilləri isə müvəkkillərinin günahsız olduğunu və həqiqətin üzə çıxması üçün istintaqla tam əməkdaşlıq etdiklərini bəyan ediblər.

Oslo razılaşmalarının memarları olan bu ailənin qalmaqallı iş adamı ilə əlaqələrinin ifşası Skandinaviya ölkəsində ciddi rezonans doğurub.