Fevralın 11-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Tərəflər Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin ortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət əsasında uğurla inkişaf etdiyini bildiriblər. Ümummilli Lider Heydər Əliyevin bu əlaqələrə xüsusi önəm verdiyi, Prezident İlham Əliyevin isə həmin siyasəti uğurla davam etdirdiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi və islamofobiyaya qarşı mübarizədə fəal rol oynadığı qeyd edilib. Həmçinin, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə Ərəb Parlamenti arasında əlaqələrin dinamik inkişafı və Azərbaycanla Ərəb Dövlətləri Liqası arasındakı 20 illik əməkdaşlıq xüsusi vurğulanıb.
Məhəmməd Əhməd Əl-Yammahi ərəb dünyasının Azərbaycanla münasibətlərə önəm verdiyini, ticarət, enerji və logistika sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib. O, həmçinin Fələstin məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib və Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasına dəvət edib.
Görüşdən sonra nümayəndə heyəti Milli Məclisin Xatirə kitabını imzalayıb, plenar iclas zalı və 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər guşəsi" ilə tanış olub.