Fransanın "Vətənpərvərlər"partiyasının lideri Florian Filippot ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini idarəçilikdən uzaqlaşdırmaq niyyətində olduğunu iddia edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, siyasətçi bu barədə "Financial Times"ın son məqaləsinə münasibət bildirərkən danışıb.
Məlumata görə, rəsmi Vaşinqtonun təzyiqi ilə Kiyev prezident seçkilərini və Rusiya ilə sülh sazişinə dair referendumu planlaşdırmağa başlayıb.
Filippot "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"İki ildir seçkisiz hakimiyyətdən yapışan adam üçün bu, əsl fəlakətdir! Tramp sülhə mane olan Zelenskidən qurtulmaq istəyir? Hər şey məhz buna bənzəyir!"
Seçki və referendum planı
"Financial Times"ın mənbələrinə görə, ABŞ administrasiyası Ukrayna münaqişəsini yaza qədər yekunlaşdırmaq üçün Kiyevə təzyiq göstərir. İddia olunur ki, həm səsvermə, həm də referendum mayın 15-dək baş tutmalıdır. Nəşrin məlumatına görə, Zelenski bu prosesləri fevralın 24-də rəsmən elan edə bilər.
Legitimlik məsələsi
Xatırladaq ki, Volodimir Zelenskinin prezidentlik səlahiyyəti rəsmən 2024-cü il mayın 20-də başa çatıb. Lakin Ukrayna hökuməti hərbi vəziyyəti əsas gətirərək seçkiləri keçirməkdən imtina edib. Zelenski dəfələrlə bildirib ki, seçkilərə hazırdır, lakin bunun üçün qanunvericilikdə dəyişiklik edilməli və hərbçilərin səsverməsi üçün təhlükəsizlik təmin olunmalıdır.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl bəyan edib ki, Zelenskinin legitimliyi səlahiyyət müddəti ilə birlikdə bitib və "heç bir hiylə bunu bərpa edə bilməz".