İsveçrədə əhalinin sayını 10 milyonla məhdudlaşdırmağı nəzərdə tutan mübahisəli təkliflə bağlı iyunun 10-da ümumxalq səsverməsi keçiriləcək.

Postxronika.az xəbər verir ki, ifrat sağçı İsveçrə Xalq Partiyasının (SVP) irəli sürdüyü bu təşəbbüs qəbul edilərsə, ölkəyə miqrant axınının qarşısı sərt şəkildə alınacaq. Qanun layihəsinə əsasən, əhali sayı kritik həddə çatdığı təqdirdə hökumət Avropa İttifaqı ilə sərbəst hərəkət müqaviləsindən çıxmaq məcburiyyətində qala bilər. Ölkənin aparıcı biznes dairələri və transmilli şirkətlər isə bu radikal addımın iqtisadiyyatı iflic edəcəyi barədə xəbərdarlıq edirlər. Hazırda sakinlərinin 27 faizi əcnəbi olan dövlətdə millətçilər “əhali partlayışı”nın infrastruktura zərər vurduğunu iddia edirlər.