Rejissor Joachim Trier'in çoxpersonajlı tragikomediyası ''Sentimental Value'' filminin montaj prosesi ''Oscar'' namizədi, montajçı Olivier Bugge Coutté üçün bir sıra mürəkkəb qərarlarla yadda qalıb. Əsas çətinliklərdən biri Elle Fanning'in canlandırdığı amerikalı aktrisa Rachel Kemp obrazının hekayə xəttinin necə qurulacağı olub. Personaj fransız film festivalında Stellan Skarsgard'ın oynadığı rejissor Gustav Borg'un layihəsinə cəlb olunur.
Coutté bildirir ki, Kemp'in keçmişi və sonradan layihədən ayrılma motivasiyası ilə bağlı epizodların azaldılması zəruri idi. Bu qərar aktrisanın performansı ilə deyil, obrazın hekayədə tutduğu “çəki” ilə bağlı olub.
Montajçı filmin ümumi xronometrajının qısaldılmasını da böyük çağırış adlandırıb. İlkin montaj versiyası 8–9 saat davam edirdi, təkcə film festivalı səhnəsi isə 26 dəqiqə idi. Nəticədə film iki saatdan bir qədər çox müddətə endirilib. Onun sözlərinə görə, əsas məqsəd diqqəti daha tez filmin baş qəhrəmanı Borg'un qızı Nora (Renate Reinsve) üzərinə qaytarmaq idi.
Filmdə istifadə olunan bəzi montaj elementləri, o cümlədən əsas personajların üzlərini birləşdirən xüsusi montaj ardıcıllığı ilkin ssenaridə nəzərdə tutulmamışdı.