Elm adamları görmə qabiliyyətini itirmiş bir kişinin görmə bacarığının bir hissəsini geri qaytarıblar.
Postxronika.az "Haber Global" a istinadən xəbər verir ki, İspaniyanın Elçe şəhərində yerləşən Miguel Hernández Universitetinin tədqiqatçıları tamamilə kor olan bir kişidə görmə qabiliyyətinin bir hissəsinin bərpa olunduğunu açıqlayıblar.
Miguel Hernández Universiteti ilə CIBER BioMühəndislik, Biomateriallar və Nanotibb Mərkəzinin birgə apardığı klinik araşdırmada optik sinirk zədələnmiş və tam korluq yaşayan bir pasiyentin görmə məlumatlarını emal edən beyin nahiyəsinə elektrik stimullaşdırması tətbiq edilib. Bu təcrübə zamanı təbii görmə qabiliyyətinin bir hissəsini gözlənilmədən geri qazandığı bildirilib.
Bu hal, görmə kortikal protezlərinin təhlükəsizliyini və tətbiq oluna bilməsini qiymətləndirmək üçün hazırlanmış araşdırmanın bir hissəsi kimi müşahidə edilib.
Başlanğıcda süni görmə yaratmaq üçün tətbiq edilən stimullaşdırma zamanı pasiyentin əvvəlcə işığı və hərəkəti hiss etməyə başladığı, daha sonra isə ətrafındakı insanların yerlərini düzgün təsvir edə bildiyi müşahidə olunub.
Pasiyent bu ilk vizual təcrübəni hərəkət edən kölgə kimi təsvir edib — bu, illər sonra gördüyü ilk təbii vizual qavrayış olub.
Prosedurdan sonrakı aylarda pasiyent gündəlik vizual məşqlər edib. Bu məşqlər görmə qabiliyyətinin tədricən artmasına kömək etmiş ola bilər.
Maraqlıdır ki, implant çıxarıldıqdan sonra da görmə inkişafı davam edib və beyində görmə məlumatlarının ötürülməsi ilə bağlı siqnallarda aydın yaxşılaşma qeydə alınıb.
Bu hal optik sinir zədələnməsindən illər sonra belə görmə qabiliyyətinin qismən bərpa oluna biləcəyini göstərən olduqca qeyri-adi bir tapıntı kimi qiymətləndirilir.