"Fələstin Hərəkatı"nın həmtəsisçisi Huda Ammori təşkilatın terror qruplaşması kimi qadağan edilməsi qərarına qarşı London Ali Məhkəməsində açdığı iddiada qalib gəlib. Hakim Dame Viktoriya Şarpın rəhbərlik etdiyi heyət qadağanın qanunsuz olduğuna, eyni zamanda söz və toplaşmaq azadlığına ciddi müdaxilə yaratdığına hökm edib. Bu proses anti-terror qanunvericiliyi çərçivəsində fəaliyyəti məhdudlaşdırılan bir birliyin hüquqi müstəvidə uğur qazandığı ilk tarixi hadisədir.
Postxronika.az xəbər verir ki, məhkəmənin qənaətinə görə, etirazçıların əməllərinin çox kiçik bir hissəsi terror aktı tərifinə uyğun gəlir və onlara tətbiq olunan sanksiya qeyri-mütənasib xarakter daşıyır. Lakin hazırkı daxili işlər naziri Şabana Mahmud apelyasiya şikayəti verəcəyini bildirdiyi üçün hökumətə vaxt tanımaq məqsədilə sözügedən məhdudiyyət hələlik qüvvədə saxlanılıb. H.Ammori isə bu qərarı "əbədi qələbə" adlandıraraq, təşkilata qarşı atılan addımların sadəcə İsrail yönümlü lobbiləri və silah istehsalçısı olan şirkətləri razı salmağa xidmət etdiyini vurğulayıb.