Fransa polisi Parisdəki Luvr muzeyində təşkil olunan 10 milyon avroluq bilet fırıldaqçılığı sxemi ilə bağlı doqquz nəfəri saxlayıb. Həbs edilənlər arasında mədəniyyət ocağının iki əməkdaşı, turist bələdçiləri və qruplaşmanın rəhbəri olmaqda şübhəli bilinən şəxs də var.

Postxronika.az xəbər verir ki, əsasən çinli turistləri hədəf alan bu şəbəkə eyni giriş vərəqələrini fərqli insanlara təkrar satmaqla qanunsuz gəlir əldə edib. İstintaq zamanı məlum olub ki, muzey işçiləri yoxlamalardan yayınmaq müqabilində bələdçilərdən rüşvət alıblar. Dəstə üzvlərinin topladıqları vəsaitin bir hissəsini Fransa və Dubayda daşınmaz əmlaka yatırdığı ehtimal olunur. Hüquq-mühafizə orqanları əməliyyat çərçivəsində müttəhimlərin ümumilikdə 1,4 milyon avrodan çox nağd pulunu və bank hesablarındakı qazancını müsadirə edib.