Rusiyanın enerji infrastrukturuna endirdiyi davamlı zərbələr nəticəsində Ukrayna paytaxtı ağır qış sınağı ilə üz-üzə qalıb. Şəhərdə havanın temperaturunun -18 dərəcəyə düşməsi və 2600-dən çox binanın işıqsız, həmçinin istiliksiz qalması əhalinin həyat şəraitini daha da acınacaqlı edib. Moskvanın kütləvi hücumları nəticəsində mərkəzi qızdırıcı sistemlərin sıradan çıxması təhsil müəssisələrinin böyük bir qisminin bağlanmasına gətirib çıxarıb.

Postxronika.az xəbər verir ki, yerli sakinlər mövcud durumu xalqı ölkədən didərgin salmaq üçün düşünülmüş "Xolodomor", yəni donduraraq məhv etmə siyasəti adlandırırlar. Mənzilləri buz bağlayan vətəndaşlar xilas olmaq üçün otaqlarda çadır qurur, qaz sobalarında kərpic qızdırır və isti geyimlərdə yatmağa məcbur olurlar. Ukraynalılar evlərinin yaşanmaz hala düşməsini müharibənin gətirdiyi ən acı reallıqlardan biri kimi qəbul edərək, şiddətli soyuqlara qarşı ayaqda qalmağa çalışırlar.