İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi ardıcıl hava hücumları nəticəsində ən azı 12 fələstinli həlak olub, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Postxronika.az xəbər verir ki, zərbələrin xüsusilə Cəbəliya, Xan Yunis və Beyt Lahiyada məcburi köçkünlərin sığındığı çadır düşərgələrini hədəf aldığı bildirilir. Fələstin tərəfi bu qanlı insidenti dinc əhaliyə qarşı yönəlmiş növbəti qırğın adlandıraraq, rəsmi Təl-Əvivi sülh razılaşmasını kobud şəkildə tapdalamaqda günahlandırıb. Lakin İsrail hərbi komandanlığı əməliyyatın məhz HƏMAS qruplaşmasının müəyyən edilmiş "sarı xətti" keçməsinə cavab xarakteri daşıdığını iddia edir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəsə rəğmən, bölgədə gərginlik səngimir və tərəflər bir-birini mütəmadi olaraq qaydaları pozmaqda ittiham edirlər. Yerli səhiyyə qurumlarının məlumatına əsasən, barışıq elan edildiyi gündən bəri anklavda 600-dən çox şəxs həyatını itirib.