Böyük Britaniya tarixində ən qısa müddətə baş nazir olmuş Liz Trass uzunmüddətli cəhdlərdən sonra Donald Trampla görüşməyə nail olub. Siyasətçi Florida ştatındakı "Mar-a-Laqo" malikanəsində çəkilmiş birgə fotonu "X" platformasında paylaşaraq hər şeyin qaydasında olduğunu qeyd edib.
Postxronika.az xəbər verir ki, təmasın detalları hələlik məlum deyil və Respublikaçı lider görüş barədə sosial şəbəkə hesablarında heç bir məlumat yaymayıb. Vəzifəsindən getdikdən sonra radikal sağçı mövqe nümayiş etdirən britaniyalı xadim son illərdə mühafizəkar amerikalı dairələrlə sıx əlaqələr qurmağa çalışır. Hazırda öz vətənində siyasi təsirini itirmiş sabiq hökumət rəhbəri Londonda üzvlük haqqı yarım milyon funt-sterlinq təşkil edən eksklüziv elit məkan yaratmaq üzərində də işləyir.