İtaliya millisinin sabiq ulduzu Roberto Bacco vaxtilə "Breşiya"da komanda yoldaşı olduğu "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola barədə xoş sözlər deyib.

Postxronika.az xəbər verir ki, tanınmış jurnalist Nikolo Şira "X" platformasında əfsanəvi futbolçunun ispaniyalı mütəxəssislə bağlı fikirlərini paylaşıb. Bacco Qvardiolaya heyran olduğunu və onun rəhbərlik etdiyi klubların mükəmməl oyun sərgiləyərək hər zaman yüksək nəticələrə imza atdığını vurğulayıb. Keçmiş hücumçu indiki dövrdə çıxış etsəydi, məhz bu çalışdırıcının sərəncamında oynamaq istəyəcəyini etiraf edib. Xatırladaq ki, "Yuventus" və "Milan"la bir çox titullara sahib çıxan italiyalı veteranla yanaşı, Pep də "Barselona" və "Bavariya"dakı fəaliyyəti sayəsində məşqçi kimi zəngin kubok kolleksiyası toplayıb.