ABŞ ordusu Suriyanın Haseke bölgəsində yerləşən Şəddadi hava bazasından geri çəkilərək nəzarəti rəsmi Dəməşq qüvvələrinə ötürüb.

Postxronika.az xəbər verir ki, Vaşinqtonun İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində istifadə etdiyi bu obyekt artıq Suriya ordusunun idarəçiliyinə keçib. Şəddadi ilə yanaşı, İordaniya və İraq sərhədləri yaxınlığındakı strateji Tanf hərbi bazası da fevralın 12-də mərkəzi hökumət tərəfindən devralınıb.

Əvvəllər müxalif qüvvələrin təlim mərkəzi kimi istifadə olunan bu nöqtələrin koordinasiyalı şəkildə boşaldılması regiondakı hərbi balansın dəyişməsindən xəbər verir. Hazırda tərəflər arasında icra olunan bu proses ABŞ-nin ölkədəki uzunmüddətli hərbi mövcudluğunun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Beləliklə, Suriya ordusu strateji əhəmiyyətli sərhəd və hava nöqtələrində mövqelərini yenidən bərpa edir.