ABŞ Prezidenti Donald Trampın Amerikanın qlobal ödəniş sistemlərini bağlaya biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda Böyük Britaniya banklarının rəhbərləri milli alternativ yaratmaq üçün ilk iclaslarını keçirəcəklər.

Postxronika.az xəbər verir ki, "Visa" və "Mastercard"dan asılılığı azaltmaq məqsədi daşıyan bu təşəbbüs cümə axşamı günü "Barclays"in ölkə üzrə baş icraçı direktoru Vim Marunun sədrliyi ilə müzakirə olunacaq. Mütəxəssislər xəbərdarlıq edirlər ki, krallıqdakı kart əməliyyatlarının 95 faizinə nəzarət edən bu iki ABŞ şirkətinin fəaliyyətinin qəfil dayandırılması yerli iqtisadiyyatı onilliklər geriyə qaytara bilər. Yeni layihənin əsas hədəfi istənilən böhran anında maliyyə sektorunun fəaliyyətini fasiləsiz davam etdirməsini sığortalamaqdır. Qeyd edək ki, Ağ Ev rəhbərinin müttəfiqlərinə qarşı son təhdidləri təkcə Londonda deyil, Avropa İttifaqında da ciddi təşviş yaradıb. Qitə siyasətçiləri kənar güclərin ani müdaxiləsi ilə çökə bilməyən suveren və müstəqil infrastrukturun qurulmasını təcili addım kimi dəyərləndirirlər.