Abşeron rayonu Mehdiabad qəsəbəsində qeyri-adi soyğunçuluq hadisəsi baş verib. Zərərçəkən şəxs polisə müraciət edərək küçədə naməlum şəxsin hücumuna məruz qaldığını, zor tətbiq edilərək 485 manatının ələ keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Postxronika.az-a verilən məlumata görə, Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən hadisə günü daimi müştərisi olduğu kişi salonuna gedib və saçını kəsən H.Cəfərova söhbət əsnasında təqaüdünün köçdüyünü deyib. Bunu eşidən bərbər müştərisini yol boyu izləyib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb.

Saxlanılan şəxs əldə etdiyi vəsaiti narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib. Faktla bağlı araşdırma davam etdirilir.