Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" doğma meydanda İngiltərənin "Nyukasl" komandasını qəbul etdi.

"Sağsağanlar" oyuna çox sürətli başladı. Oyunun 3-cü dəqiqəsində Den Bernin ötürməsində Antoni Qordon hesabı açdı. İngiltərə təmsilçisi 8-ci dəqiqədə komandanın kapitanı Kerin Trippiyerin ötürməsini qola çevirən Malik Tiavın qolu ilə fərqi iki topa çıxartdı. 

Oyunun 32-ci dəqiqəsində Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silvanın əllə oynadığını bildirən norveçli hakim Espen Eskas "köhlən atlar"ın qapısına penalti təyin etdi. Penaltini dəqiqə yerinə yetirən Qordon hesab arasındakı fərqi üç topa çatdırdı. 

Bir dəqiqə sonra yenidən səhnəyə çıxan Qordon "Qarabağ"ın qapısına bir daha yol taparaq özünün 3-cü komandasının 4-cü qolunu vurdu.

İlk hissənin artıma dəqiqələrində qonaqlar bir penalti daha qazandı. Topun arxasına keçən Entoni Qordon 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi və "poker" edərək fərqi beş topa çıxartdı.

Təmsilçimiz fasiləyə 0-5 hesabı ilə yollandı.

"Qarabağ"ın yeganə qolunu kapitan Abdullah Zubirin ötürməsində dəqiq oynayan Elvin Cəfərquliyev vurdu.

Oyunun nəticəsini 72-ci dəqiqədə Harvi Barnesin ötürməsini dəyərləndirən Yakop Mörfi təyin etdi.

Qeyd edək ki, cavab matçı 1 həftə sonra 25 fevralda İngiltərədə olacaq.

Hüseyn Rəşadoğlu