Məşhur aktyor Robert Duvallin 95 yaşında vəfatından sonra onunla işləyən rejissor Bruce Beresford sənətkarla bağlı xatirələrini bölüşüb.
Postxronika.az xəbər verir ki, rejissor aktyoru 1983-cü ildə çəkilmiş ''Tender Mercies'' filmində idarə edib və bu rol Duvalla 1984-cü ildə “Ən yaxşı aktyor” üzrə ''Oscar'' mükafatı qazandırıb. Beresford aktyoru bəzən sərt xarakterli, lakin son dərəcə istedadlı sənətkar kimi xarakterizə edib. Onun sözlərinə görə, Duvall çəkilişlərə ciddi yanaşır, roluna hazırlaşmaq üçün uzun müddət Texasda qalaraq yerli aksenti mənimsəyirdi. Film ssenarisinin müəllifi Horton Foote idi və o, bu rolu məhz Duvall üçün yazmışdı. Foote daha əvvəl də aktyora rollar təqdim etmiş, hətta onu ''To Kill a Mockingbird'' filmi üçün tövsiyə etmişdi.
Beresford bildirib ki, layihə ona bir neçə amerikalı rejissor imtina etdikdən sonra təklif olunub və o, ssenarini yüksək qiymətləndirərək razılıq verib. Rejissor aktyorun iş prosesində bəzən gözlənilməz tələblər irəli sürdüyünü xatırlayır. Məsələn, bir gün Duvall çəkiliş zamanı mikrofonun kadr üzərində olmasına etiraz edib və onun çıxarılmasını tələb edib. Nəticədə bir neçə saat səs yazılmadan çəkiliş aparılıb, lakin ertəsi gün iş adi qaydada davam etdirilib. Rejissor qeyd edir ki, bu cür davranışlara baxmayaraq, aktyor hər səhnəni gözləniləndən də yaxşı ifa edirdi.
Digər bir epizodda aktyor pəncərədən daxil olan işıqlandırmanın süni proyektorla gücləndirilməsinə etiraz edib və bunun səbəbini anlamadığını bildirib. Rejissor isə işığın gün ərzində dəyişdiyini və səhnələrin ardıcıllığı üçün sabit işıqlandırmanın vacib olduğunu izah edib. Həmin səhnədə Duvalla birlikdə Ellen Barkin də çəkilirdi. Beresfordun sözlərinə görə, aktyor bəzən şübhə ilə yanaşsa da, sonda peşəkarlıqla işini yerinə yetirirdi. Rejissor onu unikal xarakterə malik, lakin ekran qarşısında hər zaman parlaq nəticə göstərən sənətkar kimi xatırladığını vurğulayıb.