2021-ci ilin noyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Ukraynaya ehtimal olunan hücumun ağır nəticələri barədə xəbərdarlıq etmək məqsədilə Moskvaya yollanıb. Lakin o, pandemiyaya görə təcrid olunan Vladimir Putinlə yalnız telefonla danışa bilib və Rusiya prezidentinin deyilənlərə əhəmiyyət vermədiyinin şahidi olub. Nəticədə Börns Vaşinqtona müharibənin qaçılmaz olması qənaəti ilə qayıdaraq daxili narahatlığını Co Baydenə çatdırıb.

Postxronika.az xəbər verir ki, aylar sonra gerçəkləşən işğal Qərb kəşfiyyat tarixinin həm misilsiz uğuru, həm də ciddi məyusluğu kimi qiymətləndirilir. Belə ki, Amerika və Britaniya xüsusi xidmət orqanları hücumu dəqiq proqnozlaşdırsa da, Avropa ölkələri və Ukrayna rəhbərliyi son ana qədər bu məlumatları qeyri-real sayaraq hazırlıq görməkdən boyun qaçırıb. Mövcud vəziyyətdən çıxarılan əsas dərs isə ən ağlasığmaz görünən təhdidləri belə rədd etməyin çox böyük risklər daşımasıdır.