Filmart platforması bu il 30-cu yubileyini qeyd edərək martın 17-20-də keçiriləcək və qlobal əyləncə sənayesinin gələcək istiqamətlərini müzakirə edəcək.
Postxronika.az xəbər verir ki, tədbir ilk dəfə 1997-ci ilin iyununda, Honq Konq şəhərinin Çin suverenliyinə qaytarılmasından az əvvəl təşkil olunmuş və o dövrdə kino sektorunun gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik mövcud idi. Yerli istehsal və kassaların azalmasına baxmayaraq, Honq Konq Trade and Development Council regionu Çin dilli kino ilə dünya arasında əlaqələndirici mərkəzə çevirməyi hədəfləmişdi. Sonrakı illərdə materik Çin film bazarının sürətlə böyüməsi bu strategiyanın düzgün olduğunu göstərdi və ölkə qısa müddətdə dünyanın ikinci ən böyük kino bazarına çevrildi. Platforma həm də beynəlxalq koproduksiyalar və striminq xidmətlərinin yüksəlişi kimi trendləri erkən mənimsəyən layihələrdən biri oldu.
Bu gün təşkilatçılar bildirirlər ki, ''Filmart'' artıq sadəcə məzmun bazarı deyil, bütün əyləncə ekosistemini birləşdirən geniş platformaya çevrilir. Candas Yeung tədbirin texnologiya, strateji tərəfdaşlıqlar və innovativ resurslarla sənayeni dəstəkləməyə yönəldiyini açıqlayıb. Süni intellekt bu il proqramın əsas istiqamətlərindən biri olacaq və PwC proqnozuna görə, bu texnologiya 2030-a qədər qlobal iqtisadiyyata 15,7 trilyon dollar töhfə verə bilər. Tədbirdə yeni texnologiya sahəsində fəaliyyət göstərən ''KlingAI'', ''Minimax'', ''Xuanjia Technology'' və ''Daogu Culture'' kimi şirkətlər də iştirak edəcək. Təşkilatçılar hesab edir ki, platformanın transformasiyası əyləncə sənayesinin dəyişən reallıqlarına uyğunlaşmaq üçün yeni imkanlar yaradacaq.