ABŞ Prezidenti Donald Tramp İranı yeni razılaşmaya məcbur etmək üçün bu ölkəyə qarşı məhdud hərbi zərbə endirilməsi variantını nəzərdən keçirdiyini rəsmən təsdiqləyib.

Postxronika.az xəbər verir ki, Ağ Ev rəhbəri hərbi təzyiq ehtimalı barədə detalları açıqlamasa da, CBS telekanalı Vaşinqtonun artıq fevralın 21-də hərbi müdaxiləyə başlaya biləcəyini iddia edir. ABŞ administrasiyası hələ yanvar ayında Tehranın nüvə silahından tam imtinanı nəzərdə tutan "ədalətli" sazişə razı olmayacağı təqdirdə güc tətbiqinin mümkünlüyü barədə xəbərdarlıq etmişdi. İran tərəfi isə öz növbəsində nüvə bombası yaratmaq niyyətinin olmadığını israrla vurğulamağa davam edir. Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilən danışıqların ikinci raundunda bəzi məsələlərdə anlaşma əldə olunsa da, Vaşinqton Tehranın ballistik raket istehsalı və regiondakı pro-İran qüvvələrinə dəstəkdən imtina kimi şərtləri hələ də qəbul etmədiyini bildirir.