Ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclası yenə qalmaqallı müzakirələrlə gündəmə gəlib. Bu dəfə əsas müzakirə mövzusu əvəzedicilər liqasının mümkün ləğvi olub.


 Postxronika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bəzi klublar əvvəllər də bu liqanın ləğv edilməsini istəyiblər. İcraiyyə Komitəsinin dünənki iclasında məsələyə yenidən baxılıb və son qərarın verilməsi Klublar Komitəsinə həvalə edilib.


Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra əvəzedicilər çempionatının da dayandırılması ciddi problemlərə yol aça bilər. Belə ki, əsas heyətə düşə bilməyən yerli oyunçuların əksəriyyəti məhz ikinci komandalarla meydana çıxaraq oyun təcrübəsi qazanırlar.


Uzun müddət sonra İcraiyyə Komitəsinin iclasına qayıdan Qurban Qurbanov bu qərara etirazını bildirib. Xatırladaq ki, təcrübəli mütəxəssis legioner limiti ləğv edilərkən də qərardan narazı qalmış və məhz bundan sonra iclaslara qatılmağı dayandırmışdı.


Klublar Komitəsinin sədri Elçin Usub isə məsələ ilə bağlı hələlik rəsmi müraciətin olmadığını vurğulayıb:


"İndiyə olan vəziyyət belədir ki, Klublar Komitəsinə hələ rəsmi müraciət edilməyib. Buna görə də mövzunun konkret nədən ibarət olması məlum deyil. Növbəti iclasın mart ayının 11-i keçirilməsi barədə ilkin razılaşma var. Güman edirəm, gələn həftə məsələyə aydınlıq gələcək".


Komitə sədri qeyd edib ki, klublar növbəti mövsüm üçün qeyri-müəyyənlik yaşamaq istəmirlər: "Yadınızdadırsa, cari mövsüm ərəfəsində də ciddi müzakirələr aparılırdı və bir çox klublar müvafiq heyətin formalaşdırılmasına yalnız İcraiyyə Komitəsinin iyun ayının sonu qəbul etdiyi qərardan sonra başladılar. Klubların narahatçılığı başadüşüləndir. Əgər biz futbola peşəkar yanaşmadan danışırıqsa, proqnozlaşdırıla bilən mühitin yaradılması da vacibdir".


Qeyd edək ki, klubların əksəriyyəti, hətta heç bir iddiası olmayan komandalar belə bu liqanın aradan qaldırılmasında maraqlıdır. Buna əsas səbəb isə əvəzedici komandalara ayrılan büdcəyə qənaət edərək, həmin vəsaiti əsas komandada əcnəbi oyunçulara xərcləmək istəyidir.