Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropanın Ukrayna üzrə danışıqlar prosesindən kənarda qalmasını onların əvvəlki etibarsız addımları ilə əlaqələndirib.


Postxronika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, diplomat vaxtilə qitə təmsilçilərinə inanıldığını, lakin onların Minsk razılaşmalarından imtina edərək böyük inamsızlıq yaratdıqlarını bildirib. Sözçünün sözlərinə görə, Qərb rəsmiləri üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəcəklərini açıq şəkildə etiraf edərək beynəlxalq ictimaiyyəti şoka salıblar. O qeyd edib ki, vasitəçilik adı altında aparılan manevrlər əslində yalnız Kiyev rejimini yenidən silahlandırmaq məqsədi daşıyıb. Zaxarova vurğulayıb ki, Avropanın yenidən masa arxasına qayıtması üçün ilk növbədə itirilmiş etimadı bərpa etməsi zəruridir. Bunun üçün isə onlar müəyyən edilmiş normalara hörmətlə yanaşmağı və verdikləri sözə əməl etməyi bacarmalıdırlar.