Macarıstanın Baş naziri Viktor Orban "Drujba" neft kəmərinin istismara tam hazır olduğunu, lakin Ukraynanın yanacaq tədarükünü məhz siyasi motivlərlə əngəllədiyini bildirib. Hökumət rəhbərinin sözlərinə görə, Kiyev bununla ölkədə süni böhran yaradaraq qarşıdan gələn seçkilərdə yerli müxalifəti dəstəkləməyi hədəfləyir.
Postxronika.az xəbər verir ki, baş nazir bu cəhdlərin Ukrayna və Avropa İttifaqı arasındakı assosiasiya müqaviləsinə tamamilə zidd olduğunu vurğulayıb. Rəsmi Budapeşt təhdidlərə boyun əyməyəcəyini və qonşu dövlətin Aİ-yə inteqrasiyasına, eləcə də ona ayrılan hərbi-maliyyə yardımına qətiyyətlə qarşı çıxacağını bəyan edib. Məhdudiyyətlərə cavab olaraq, Macarıstan tərəfinin Kiyevə dizel və elektrik enerjisi verilməsini dayandıracağı, həmçinin Brüsselin çoxmilyardlıq kreditini bloklayacağı barədə sərt xəbərdarlıq edilib.