"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cari mövsümün sonunda İtaliyanın "İnter" klubunun sükanı arxasına keçəcəyi gözlənilir. İspaniya çempionatının 25-ci turunda "Espanyol" üzərində qazanılan qələbədən sonra Milan təmsilçisi ilə argentinalı mütəxəssis arasında ilkin razılıq əldə edilib.

Postxronika.az xəbər verir ki, "El Chiringuito" nəşrinin məlumatına görə, rəhbərlik təcrübəli çalışdırıcıya bir illik müqavilə təklif etməyə hazırdır.

Bildirilir ki, qış transfer pəncərəsindən sonra mütəxəssisin Madrid klubunun idman direktoru ilə münasibətləri pisləşdiyindən komanda artıq yeni baş məşqçi axtarışına başlayıb.

Qeyd edək ki, 2011-ci ilin dekabrından "matrasçılar"a rəhbərlik edən cənubi amerikalı məşqçi bu müddət ərzində kollektivə iki dəfə ölkə çempionluğu və Avropa Liqasının kubokunu qazandırıb.