ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmə tərəfindən qismən məhdudlaşdırılan yeni gömrük rüsumları 10 faiz dərəcəsi ilə rəsmən tətbiq olunmağa başlayıb. Ağ Ev rəhbəri əvvəlcə mövcud rəqəmi təsdiqləyən sərəncam imzalasa da, hazırda rəsmilərin vergini 15 faizə qaldıracaq yeni sənəd üzərində işlədiyi bildirilir.
Postxronika.az xəbər verir ki, Vaşinqtonun bu sərt addımı Böyük Britaniya və Avropa İttifaqı da daxil olmaqla, əsas iqtisadi tərəfdaşlarla münasibətlərdə ciddi qeyri-müəyyənlik yaradır. Belə ki, rəsmi Brüssel həm gözlənilən tariflərə, həm də Qrenlandiya ilə bağlı təhdidlərə cavab olaraq ABŞ-la əvvəllər əldə olunmuş ticarət sazişinin təsdiq prosesini son bir ayda artıq ikinci dəfə dayandırdı. Öz növbəsində, Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü məsələni şərh edərkən Londonun ticarət müharibəsi və ya vəziyyətin gərginləşməsini arzulamadığını diqqətə çatdırdı. Bununla belə, diplomatik nümayəndə mümkün cavab tədbirlərini istisna etməyərək, hazırkı mərhələdə heç bir variantın diqqətdən kənarda qalmadığını vurğuladı.