Çin kinobazarında Ay Yeni ili dövründə kassalar gözləntiləri doğrultmayıb. Bayramın ilk altı günündə liderliyi 369,3 milyon dollar gəlirlə ''Pegasus 3'' ələ keçirsə də, ümumi satışlar ötən illə müqayisədə ciddi geriləyib. İkinci yerdə Zhang Yimou imzalı ''Scare Out'' qərarlaşıb, ardınca ''Blades of the Guardians'' və ''Boonie Bears: The Hidden Protector'' yer alıb. Siyahının sonunda isə Jackie Chanın rol aldığı ''Panda Plan 2'' qərarlaşıb. Bayram günlərində ümumi bilet satışları 715 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 38 faiz azalma deməkdir. Ötən il rekord qıran ''Ne Zha 2'' kimi güclü hitin olmaması bazarın zəif görünməsinə səbəb olub.


Postxronika.az xəbər verir ki, lider filmə baxmayaraq, ümumi bazarın zəif performansı kino sənayesində narahatlıq yaradıb. Analitiklər hesab edir ki, bayram mövsümü ilin ümumi nəticələrinə ciddi təsir göstərdiyindən bu geriləmə sektor üçün risk siqnalıdır. Han Han tərəfindən çəkilən və baş rolda Shen Tengin oynadığı “Pegasus 3”ün proqnozlaşdırılan yekun gəliri yüksək olsa da, digər filmlərin zəif nəticələrini kompensasiya etmir. Mövcud göstəricilərə görə, ilin əvvəlindən bəri ölkənin kinoteatr gəlirləri ötən illə müqayisədə kəskin azalıb. Bu vəziyyət bazarın bir neçə böyük hitdən asılılığını bir daha üzə çıxarıb. Sənaye nümayəndələri ilin qalan hissəsində iri layihələrin uğur qazanacağına ümid edir. Əks halda, son illərdə müşahidə olunan eniş tendensiyası davam edə bilər.