Sülh və zəfər rəmzi olan Xarıbülbül gülü Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində İspaniyanın paytaxtı Madriddə yenidən çiçəkləyib.

Postxronika.az Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinə istinadən xəbər verir ki, Madrid Kral Nəbatət Bağında baş verən bu hadisə xüsusi rəmzi məna daşıyır. Xarıbülbül 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə səfirlik tərəfindən bağa hədiyyə edilib.

Kral Nəbatət bağının direktoru Mariya-Pas Martin Esteban bu gülü “Madridin qəlbində Azərbaycan təbiətinin cazibədar parçası” və kolleksiyanın incisi kimi xarakterizə edib. Bitki həm qurbanların xatirəsinə ehtiram, həm də Qarabağ torpaqlarına qayıdan insanlar üçün ümid rəmzi hesab olunur.

Bitkinin xüsusiyyətləri nəzərə alınaraq, o, səhləbkimilər fəsiləsinin yetişdirildiyi xüsusi istixanada saxlanılır. Yaz ayları ərzində Madrid sakinləri və şəhərin qonaqları bu nadir flora nümunəsini yaxından görə biləcəklər.


Xatırladaq ki, 1755-ci ildə əsası qoyulan Madrid Kral Nəbatət Bağı dünyanın müxtəlif regionlarından 5500-dən çox bitki növünün toplandığı canlı muzey statusuna malikdir.