Azərbaycanın Kubadakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Postxronika.az bu barədə Azərbaycan Respublikasının Səfirliyinə istinadən məlumat verir.
Səfir Ruslan Rzayev anım tədbirində çıxış edərək müstəqilliyinin ilk dövrlərində Azərbaycanın tarixin çətin və ağrılı sınaqlarından keçdiyini, həmin zamanlarda böyük faciələrlə üzləşdiyini, Ermənistan tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti yürüdüldüyünü, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görülməmiş qətliam törətdiyi ağrılı faciədən danışıb.
Havanada akkreditasiya olunan diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir, dinc və mülki əhaliyə qarşı həyata keçirilən bu soyqırımı siyasətinin yalnız Xocalı ilə məhdudlaşmadığını söyləyib, Ermənistan tərəfindən Azərbaycanın digər kənd və rayonlarında da kütləvi qırğın və dağıntıların törədildiyini vurğulayıb. O, mülki azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, Qarabağın bütün əhalisinin fundamental hüquqlarını pozduğunu diqqətə çatdırıb.
Bu qanlı hadisəni bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri adlandıran diplomat Xocalı soyqırımı zamanı aralarında uşaqlar, qadın və yaşlılar olmaqla 613 günahsız mülki şəxsin bir gecədə Ermənistan hərbçiləri tərəfindən həyatlarına son qoyulduğunu söyləyib.
Səfir R.Rzayev 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və əraziləri üzərində suverenliyini tam bərpa etdiyini söyləyib, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, erməni işğalı zamanı öz doğma torpaqlarından didərgin düşmüş insanların tarixi torpaqlarında yeni tikilmiş evlərinə yerləşdirilməsi, xüsusilə “Böyük Qayıdış” proqramı barədə danışıb. Diplomat, həmçinin, Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizin sülh gündəliyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda vaxtilə Azərbaycanda təhsil almış kubalı tələbə tərəfindən Səfirliyin dəstəyilə hazırlanmış Xocalı soyqırımına həsr olunmuş ispan dilində video nümayiş olunub.