Cəlilabadda polis əməkdaşları tərəfindən paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxslərə qarşı əməliyyat keçirilib.

Postxronika.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı ümumilikdə 11 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla məlum olub ki, R.Gülağazadə və S.Mürsəlov şəxsiyyəti hazırda araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb ediliblər. Həmin şəxslər maddi qazanc müqabilində əldə etdikləri narkotik vasitələri Bakı şəhəri ərazisində onlara deyiləcək ünvanlara çatdırmağa razılaşıblar.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.