Bu gün Albaniyanın paytaxtı Tiranada reytinq xarakterli “Muhamet Malo” turnirinə start verilib. Turnirin ilk günündə Azərbaycanın sərbəst güləş üzrə milli komandasının 5 üzvü mübarizəyə qoşulub və onlardan 3-ü fəxri kürsüyə qalxmağı bacarıb.

Postxronika.az xəbər verir ki, millimizin ən uğurlu nəticələrindən birinə 65 kq çəki dərəcəsində Rəşid Babazadə imza atıb. O, almaniyalı Niko Meqerle (12:2), bolqarıstanlı Mikyay Salim Nayim (8:7) və ekvadorlu Coşua Aleksandr Kramerə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucovla gərgin keçən qarşılaşmanın son saniyəsində 4 xallıq fənd icra edən Rəşid, əzmkarlıq nümayiş etdirərək 18:15 hesablı qələbəylə həlledici mərhələyə vəsiqə qazanıb. Lakin finalda U23 dünya çempionatının son qalibi hindistanlı Sucet Sucetə məğlub olaraq (0:10) turniri gümüş medalla başa vurub.

Digər təmsilçilərimizin çıxışları isə aşağıdakı kimi yadda qalıb:

İslam Bazarqanov (57 kq) – Bürünc medal: Almaniyalı Niklas Steşele (3:2), amerikalı Liam Smit Kroni (5:0) və Puerto Riko təmsilçisi Daryan Kruza (6:1) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda rusiyalı Ramiz Qamzatova 1:3 hesabıyla məğlub olsa da, bürünc medal uğrunda görüşdə hindistanlı Akşay Tanaci Dheredən güclü olub (9:2).

Arseniy Djioyev (86 kq) – Bürünc medal: Rusiyalı dünya və 2 qat Avropa çempionu Axmed Usmanovu 3:1, gürcüstanlı dünya və Avropa mükafatçısı Vladimeri Qamkrelidzeni isə 6:4 hesabıyla üstələyib. Yarımfinalda rusiyalı İbragim Kadiyevə 2:3 hesabıyla uduzan təmsilçimiz, 3-cü yer uğrunda görüşdə amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deykə (4:1) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

74 kq çəki dərəcəsində qüvvəsini sınayan digər idmançılarımız isə turnirlə erkən vidalaşıblar. Kənan Heybətov 1/8 finalda qırğız Orozbek Toktomambetova (1:3), onunla eyni çəkidə çıxış edən Turan Bayramov isə eyni mərhələdə amerikalı Kuinsi Mayls Mondeyə (1:5) məğlub olub.