Alman rejissor Kai Stänickenin ilk tammetrajlı filmi ''Trial of Hein'' (''Der Heimatlose'') dünya premyerasını ''Berlin Film Festivalı'' çərçivəsində keçirərək böyük maraq doğurub. Filmdə baş rolu Paul Boche canlandırır və o, uzun illərdən sonra doğulduğu adaya qayıdan Hein obrazını təqdim edir. Lakin qapalı ada icması onu tanımadığını iddia edir və hətta uşaqlıq dostu da ondan uzaqlaşır. Nəticədə kənd məhkəməsi qurulur və icma onun həqiqətən həmin şəxs olub-olmadığını araşdırmağa başlayır. Hadisələr fərqli xatirələrin toqquşması fonunda kimlik, yaddaş və aidiyyət hissi kimi mövzuları ön plana çıxarır. Əsər atmosferik dili və psixoloji gərginliyi ilə yeni rejissor baxışının diqqətçəkən nümunəsi sayılır.

Postxronika.az xəbər verir ki, ekran işi Berlinaledə ''Teddy'' Münsiflər Heyətinin xüsusi mükafatına layiq görülərək gənc kino müəlliflərinin təqdim olunduğu ''Perspectives'' bölməsinin ən çox müzakirə edilən layihələrindən birinə çevrilib. Filmin istehsalını ''Tamtam Film'' həyata keçirib və ''Lupa Film'' layihənin həmmüəllifi olub. Operator işi Florian Magə, montaj isə Susanne Ocklitzə məxsusdur. Layihənin beynəlxalq satış hüquqları Heretic şirkəti tərəfindən idarə olunur. Filmin rəsmi treyleri də təqdim edilib və dəniz mənzərələri, qapalı icmanın gərgin ab-havası və sirli ittihamlar hekayənin əsas emosional xəttini önə çıxarır. Məlumat ilk olaraq The Hollywood Reporter tərəfindən yayımlanıb.