Beynəlxalq miqyasda qadağan olunmuş və Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən "Baza" neonasist təşkilatının Ukrayna qolu bu ölkədə bir sıra suiqəsdlər həyata keçirdiyini bəyan edib. Radikal qruplaşma son olaraq Odessada bir sərhəd xidməti zabitini avtomobilinə partlayıcı yerləşdirərək məhv etdiyini iddia edir.
Postxronika.az qərb mətbuatına istinadən xəbər verir ki, sızdırılmış məxfi məlumatlar sözügedən şəbəkənin Kiyev və digər şəhərlərdə hərbçilərə qarşı qəddar edamlar icra etdiyini göstərir. Təşkilatın amerikalı qurucusu Rinaldo Nazzaro Kremlin xeyrinə casusluq etməsi ilə bağlı ittihamları rədd etsə də, terrorizmlə mübarizə üzrə ekspertlər onların birbaşa Moskvanın təxribat əməliyyatlarında alət kimi istifadə olunduğunu vurğulayırlar. Ekstremist dəstənin əsas məqsədinin rəsmi Kiyevə təzyiq göstərərək ölkənin qərbində özlərinə məxsus “ağ etnodövlət” yaratmaq olduğu bildirilir.