Hazırda dünyanın dörd bir tərəfində milyonlarla müsəlman Ramazan orucu tutur. Bir çox fikirlərə görə oruc tutmaq insan sağlamlığlna müsbət təsir edir. Bəs 30 gün oruc tutan insanın bədənində hansı dəyişikliklər baş verir?
Postxronika.az xəbər verir ki, "BBC Türkcə" nin xəbərinə görə, insan orqanizmi son yeməkdən təxminən 8 saat sonra oruc vəziyyətini “dərk edir”.
Yəni bağırsaqlar son qəbul edilən qidaları tam həzm etdikdən sonra. Növbəti mərhələdə bədən enerji ehtiyacını ödəmək üçün qaraciyər və əzələlərdə toplanmış qlüqkozadan istifadə edir. Qlükoza ehtiyatı tükəndikdə isə əsas enerji mənbəyi kimi bədəndəki yağlara yönəlir.
Yağların parçalanması çəki azalmasına, xolesterin səviyyəsinin enməsinə və diabet riskinin azalmasına kömək edə bilər. Digər tərəfdən, qanda şəkərin azalması halsızlıq və yuxululuq yarada bilər. Aclıq səviyyəsinin ən yüksək olduğu vaxtlarda baş ağrısı, ürəkbulanma və ağız qoxusu da müşahidə oluna bilər.
SU QƏBULUNA DİQQƏT
Ramazanın 3-7-ci günlərində orqanizm oruca uyğunlaşmağa başlayır. Yağ ehtiyatları istifadə olunaraq qanda şəkərə çevrilir. İftar və sahur arasında su qəbulu olmadığı üçün bədəndə maye itkisi arta bilər. Bu mərhələdə iftar və sahurda kifayət qədər karbohidrat və müəyyən miqdarda yağ qəbul etmək enerji istehsalı üçün vacibdir. Eyni zamanda zülal, duz və su balansının qorunması önəmlidir.
Bədən infeksiyalara qarşı daha güclü olur
8–15-ci günlər: Bədən ikinci mərhələyə keçir və oruca demək olar ki, tam uyğunlaşır. İngiltərədəki Cambridge Universiteti Xəstəxanasının Anesteziya və Reanimasiya üzrə məsləhətçisi Dr. Razin Mahroofun sözlərinə görə, bu mərhələdə bəzi müsbət təsirlər də müşahidə oluna bilər. Bədən daha vacib funksiyalara yönəlir, infeksiyalarla mübarizə və xəstəliklərdən sağalma prosesi asanlaşa bilər.
Orqanlar maksimum fəaliyyətə yaxınlaşır.
16–30-cu günlər: Ramazanın ikinci yarısında yoğun bağırsaq, böyrəklər və dəri müəyyən dərəcədə toksinlərdən təmizlənməyə başlayır. Dr. Mahroof bu dövrdə orqanların fəaliyyətinin daha səmərəli hala gəldiyini bildirir. Yaddaş və diqqət güclənə, enerji səviyyəsi arta bilər.