Ölkə ərazisində gözlənilən yağıntılı və əlverişsiz hava şəraiti ilə əlaqədar yollarda sürüşkənliyin artması, görünmə məsafəsinin azalması və hərəkət zamanı əlavə risklərin yaranması proqnozlaşdırılır.
Postxronika.az Baş Dövlət Yol Polisi İdarəsinə istinad verir ki, qurum yollarda yarana biləcək təhlükələrin qarşısını almaq məqsədilə hərəkət iştirakçılarına bir daha diqqətli olmağı tövsiyə edib. Sürücülərdən hərəkət sürətini hava şəraitinə uyğun seçmək, öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumaq, qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinmək, həmçinin işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirmək xahiş olunur. Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmək, hərəkətə başlamazdan əvvəl avtomobillərin məsafəsini və sürətini düzgün qiymətləndirmək tövsiyə edilir. Unutmayaq ki, çətin hava şəraitində qaydalara əməl etmək bir həyatın qorunmasına xidmət edir.