Bakı-Qazax avtomobil yolunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə PostXronika.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 26-sı, saat 16:00 radələrində yolun 243-cü kilometrliyində qeydə alınıb.

Heydər Mirzəyevin idarə etdiyi yük maşını əvvəlcə yolun kənarında quraşdırılmış dəmir səddə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən, qəza nəticəsində xəsarət alan olmayıb və hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi baş vermiş hadisə ilə əlaqədar sərnişin və yük daşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi müraciət edib. Qurum sürücüləri iş və istirahət rejiminə ciddi əməl etməyə, xüsusilə yorğun, yuxusuz və ya səhhətində problem olduğu zaman sükan arxasına əyləşməməyə çağırıb.

Yol polisi bir daha xatırladır ki, yolda məsuliyyət təkcə sürücünün özünün deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacib şərtdir, buna görə də qaydalara riayət etmək hər kəsin vətəndaşlıq borcudur.