Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən müzakirələr əsas məsələlərdə dərin fikir ayrılıqları səbəbindən heç bir razılaşma əldə olunmadan yekunlaşıb.
Postxronika.az xəbər verir ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, Birləşmiş Ştatlar Tehranın Fordo, Nətənz və İsfahan obyektlərini sökərək bütün zənginləşdirilmiş uran ehtiyatını Vaşinqtona təhvil verməsini, habelə gələcək sazişin müddətsiz olmasını tələb edib. Qarşı tərəf isə bu şərtləri, eləcə də prosesin tamamilə dayandırılması və proqrama daimi məhdudiyyətlərin tətbiqi fikrini qəti şəkildə rədd edib.
Bunun əvəzində rəsmi Tehran zənginləşdirmə hüququnda israr edərək, mövqeləri yumşaltmaq üçün kompromis variantlar irəli sürüb. Həmin təkliflərə zənginləşdirmə səviyyəsini hazırkı 60 faizdən 1,5 faizədək endirmək, fəaliyyəti bir neçə illik dondurmaq və ya materialı ölkə daxilində yaradılacaq Ərəb-İran konsorsiumu çərçivəsində yenidən emal etmək daxildir.